(1934 – 2021)
Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989). 1954-cü ildə musiqi texnikumunu bitirəndən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunmuşdur. Gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə “Azərnəşr”də çap olunan fortepiano üçün sonatası Adil Bəbirovun bizə məlum olan ilk əsəridir.