(1918-2005)
Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), dosent (1981), Azərbaycan SSR xalq artisti (1988), professor (1988), "Şöhrət" ordeni laureatı (1998). Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alıb. 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs demiş, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışmışdır. O, "Xalq çalğı alətləri" kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının məsləhətçisi olub.