2009 - cu ildə Abbas Abbasovun ifalarını özündə əks etdirən disk işıq üzü görüb. 1000 tirajla nəşr olunan bu disk ifaçının ilk böyük uğuru sayıla bilər. Abbas müəllifi mərhum sənətçimiz Zahid Məmmədzadənin "Turalı" rəqsini xüsusi şövqlə ifa edərək klip çəkdirib. Bir zamanlar "Space" telekanalında yayımlanan, sevimli aktyorumuz, xalq artisti, professor Yaşar Nurinin aparıcısı olduğu "Unudulmazlar" verilişində, 2009 - cu ilin yayında tamaşaçılar Abbas Abbasovun da yaradıcılıq yolu ilə tanış olmuş, ifasını dinləmişlər. Abbas "Xəzər" TV - nin "Ahəng" verilişinə də dəvət olunmuş və burada onun klipi də nümayiş etdirilmişdir. Hörmətli ifaçımız pedaqoji sahədə də çalışır. O, 1980 - ci ildən Füzuli şəhər Seyid Şuşinski adına 1 saylı uşaq musiqi məktəbinin qarmon sinfində dərs deməyə başlayıb. Bununla yanaşı Abbas Abbasov rayon müəllimlər evində fəaliyyət göstərən qarmon sinfinin də müəllimi olub, həm də bu mədəniyyət ocağının x.ç.a. ansamblında çalıb. Abbas müəllimin çalışdığı musiqi məktəbi 1993 - cü ildən köçkün təhsil ocağı kimi Bakıda mǝskunlaşıb. O, ona çox doğma olan bu təhsil müəssisəsində pedaqoji fəaliyyətini davam etməkdə və Bakı musiqi mühitinə qoşularaq ifaçılıq sahəsində çalışmaqdadır.