(1873-1945)
Xanəndə. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi. Gözəl səsi olan və uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan Məcid Behbudov bir müddət məsciddə nohə oxumuş və minacat vermiş, xüsusi məclislərdə və toy şənliklərində xanəndəlik etməyə başlamışdır.
O, əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də sonralar uzun illər Tiflisdə yaşamış və konsertlər vermişdir. Öz müasirləri kimi, Məcid Behbudov da öz gözəl səsi və ifa tərzi ilə diqqəti cəlb etmiş, «Qrammofon» şirkəti onu 1910 ildə Riqa şəhərinə səsini vala yazmağa dəvət etmişdi. Riqada xanəndə Məcid Behbudov Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam, təsnif və xalq mahnılarını oxuyub vala yazdırır. Məcid Behbudovun repertuarı geniş və rəngarəng idi. “Mirzə Hüseyn Segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı sayılırdı.