(1872-1962)
Azərbaycan müğənnisi-xanəndə. 20-ci əsrin əvvəllərinin muğam ifaçısı. Azərbaycan xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri. M.M. Fərzəliyev musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində alıb. Zəngin yaradıcılıq yolu keçmiş Məşədi Məmməd güclü nəfəsə, geniş diapazonlu gur səsə malik olub. O, səsinin gücünü ucalığına və səslənmə tempinə görə sərbəst dəyişmək qabiliyyəti, sürəkli, çağlayan zəngulələri ilə məşhur idi. Məşədi Məmməd dinləyicilər qarşısında həmişə zəngin və orijinal repertuarla çıxış edib.
1912-1915-ci illərdə “Sport-Record” (Varşava) və “Extrafon” (Kiyev) şirkətləri tərəfindən Fərzəliyevin ifasında 40 muğam, təsnif və xalq mahnısı qrammofon vallarına yazılıb. Zaqafqaziyada, Orta Asiyada, Avropa ölkələrində, Türkiyədə konsertlər verib. O, konsert fəaliyyəti ilə məşğul olub, Şərq konsertlərində və teatr tamaşalarında çıxış edib.