(1919-1993)
Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990).
Bakıda anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir.
1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur.