(1864 – 1940)
Azərbaycanlı xanəndə. Şuşa vokal muğam məktəbinin nümayəndəsi, Xarrat Qulunun tələbəsi. XIX əsrin sonlarında Keçəçi oğlu Məhəmməd Şuşada Xandəmirov teatrında çıxış edib, burada yazıçı-maarifpərvər Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə şərq musiqisi tamaşaları və konsertləri keçirilirdi. 1902-ci ildə Bakıda ilk dəfə Hacı Zeynalabdin Tağıyev teatrında keçirilən “Şərq konserti”ndə çıxış edib. Bu konsertdə Keçəçi oğlu “Şüştər” muğamını ifa edib. 1904-cü ilin əvvəllərində Keçəçi oğlu Məhəmməd daimi olaraq Bakıya köçür. 1912-ci ildə Keçəçi oğlu Məhəmməd “Sport-rekord” səhmdar cəmiyyətinin dəvəti ilə ifasını qrammofon plastinasına yazdırmaq üçün Varşavaya gedir. 1926-cı ildə Üzeyir Hacıbəyov xanəndəni Azərbaycan Dövlət Konservatoriyasına dəvət edir və burada Məhəmməd Cabbar Qaryağdı oğlu və Seyid Şuşinski ilə birlikdə yeni nəsil muğam ifaçıları yetişdirir.