(1925-1994)
Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1982).
15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilib. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayıb. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayıb. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənib. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olub, çünki Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub. Gülağa Məmmədov 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.