(1962-1999)
1973 - cü ildə Zahid Bərdə şəhərindəki 1 saylı uşaq musiqi məktəbinin qarmon sinifinə qəbul olunur. İxtisasca tarixçi olan, həm də muğam bilicisi, yaxşı musiqiçi, gözəl qarmon ifaçısı kimi tanınan, Bərdə musiqi məktəbində qarmon sənətindən dərs deyən Əşrəf Əzimov (1938 -1996) qardaşı oğlu Zahidin nadir istedadını görüb öz sinfinə gətirərək, onunla sonsuz həvəslə və çox ciddi məşğul olur. 1974 - cü ildə musiqi məktəblərinin qarmon sinfində təhsil alan şagirdlərin "Rayonlararası baxış - müsabiqəsi" ndə iştirak edən Zahid birincilik qazanaraq diplom və fəxri fərman alır. Həmin ildə Z.Məmmədzadə təhsil aldığı musiqi məktəbinin xəttilə Azərbaycan televiziyasının proqramlarının birində həm məktəb şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblının tərkibində və həmçinin ayrıca olaraq solist kimi iki xalq oyun havasını ifa etmişdir. Hər il Bərdə musiqi məktəbinin ansamblı və Zahid televiziya konsertlərinə dəvət olunurdu. Bütün bunlar onun istedadını geniş şəkildə üzə çıxarmaqla bərabər ifaçılığa olan maraq və həvəsini daha qüvvətləndirirdi. İlk dəfə Zahid 1975 - ci ildə gənc xanəndə Vidadi Bərdəli ilə toy şənliyində çıxış etmişdir.