(1912-1984)
Azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982).
Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar etmişdir. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.