(1889-1965)
Xanəndə, musiqi xadimi, pedaqoq. Azərb. xalq artisti (1956), əməkdar müəllim (1961). Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri. Azərb. milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. İlk təhsilini mədrəsədə almış, dini mərasimlərdə və xalq şənliklərində çıxış etmişdir. Seyidin peşəkar bir xanəndə kimi tanınmasında Azərb. xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur. Mir Möhsün Nəvvabdan klassik muğamların və xalq musiqisinin dərin sirlərini əxz etmişdir. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdı oğlunun böyük təsiri olmuşdur. Seyid yüksək diapazonlu səsi və muğamları düzqün və səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri və məşhur xanəndələri belə heyran qoymuşdu.