close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Milli Musiqi xəzinəmizdən” layihəsi ilə nəşr etdiyi not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim etmişdir

27-07-2020

Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli Musiqi xəzinəmizdən  (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə üzrə nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrini onlayn “Musiqi kitabxanası” olaraq oxuculara təqdim etmişdir. Kitabxana Görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 50-80-ci illərində çap olunan və hazırda Azərbaycan Milli Kitabxanasının Arxiv Fondunda mühafizə olunan nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.

Bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Azər Rzayevin, Elmira Nəzirovanın və başqalarının fortepiano üçün not əsərləri ayrı-ayrı məcmuələr şəklində nəşr olunaraq musiqi ictimaiyyətinə təqdim olunmuşdur. Hazırda təqdim olunan məcmuələr pandemiya dövründə Milli Kitabxananın onlayn formada fəaliyyət göstərdiyi çətin şəraitdə hazırlanaraq çap olunmuşdur. Burada Əfrasiyab Bədəlbəyli, Aqşin Əlizadə, Azər Rzayev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Zakir Bağırov, Asya Sultanova və başqa bəstəkarlarımızın fortepiano üçün əsərlərindən ibarət 11 not məcmuəsi yer almışdır.           
300 nüsxə tirajla çap olunan bu məcmuələrin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə və respublikamızın musiqi profilli digər tədris müəssisələrinə, habelə rayon, şəhər mərkəzi kitabxanalarına göndərilməsi təmin olunmuş, onların tam elektron mətnləri Milli Kitabxananın saytında (anl.az) “Kitabxanamızın nəşrləri” bölməsində və respublikanın musiqi və incəsənət məktəblərinin vahid internet portalında yerləşdirilmişdir.

Milli Kitabxananın respublikamızda və dünyada yaranmış ağır pandemiya şəraitində onlayn xidmətlər platformasında həyata keçirdiyi digər layihələrlə yanaşı, hazırda bu layihə üzrə də işlər davam edir.

 “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsi üzrə pandemiya dövründə nəşr olunan Azərbaycan bəstəkarlarının not məcmuələri ilə   http://anl.az/el/vsb/Milli_Musiqi_Xezinemizden/index.htm   linkindən tanış olmaq olar.