01-08-2025
1 avqust 2025-ci il tarixində Milli Kitabxanada gənc nəsillərə əlifbanın əhəmiyyətini anlatmaq, Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təbliğ etmək məqsədilə “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Sərgidə Azərbaycan Əlifbası və dili haqqında rəsmi sənədlər, Azərbaycan dilinin inkişaf yolları, əlifbanın yaranması, qarşıya çıxan çətinliklərdə Ümummilli lider Heydər Əliyevin qayğısı, dövlət dili kimi formalaşmasında dəstəyi, sözün insan həyatında rolu, natiqliyin gözəlliyi, dil bazasının zənginləşməsində dilçiliyin rolundan, Azərbaycanın görkəmli şəxslərinin dilimiz haqqında fikirləri, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən, dil siyasəti və mədəniyyəti, dil qanunları haqqında dərsliklər, monoqrafiyalar və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitə, xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir.
Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanı ilə avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi qeyd edilir. Bu gün, Azərbaycan əlifbası və dilinin tarixini, əhəmiyyətini xatırlamaq və gələcək nəsillərə bu mirası ötürmək məqsədi daşıyır, həmçinin xalqın dilinə, mədəniyyətinə və tarixinə olan sevgi və hörmətin bir təzahürüdür.
Respublikamızda dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi məqsədilə böyük işlər həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman, 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 2004-cü il 13 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam, 2012-ci il may ayının 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və bir sıra başqa rəsmi sənədlər ana dilimizə - Azərbaycan dilinə dövlət səviyyəsində müntəzəm olaraq göstərilən qayğının parlaq təzahürüdür.