close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18-10-2026

18 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada “18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü”  adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycanın müstəqillik uğrunda apardığı tarixi mübarizə və bu yolda baş verən əsas siyasi hadisələri təhlil edən, xalqın azadlıq iradəsini geniş şəkildə işıqlandıran ictimai-siyasi proseslər, Azərbaycanın dövlətçilik tarixi və müstəqil dövlət quruculuğunun əsasları və s. müstəqilliymizin bərpasının nəticələrini əhatəli şəkildə təqdim edən Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   https://anl.az/el/vsb/Musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə oktyabrın 18-i “Müstəqilliyin Bərpası Günü” elan edilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməklə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin əzəli yurdlarına qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən yüzlərlə ailənin Zəngilana, Laçına, Füzuliyə, Şuşaya, Cəbrayıla  qayıdışı təmin olunub.

Şanlı  Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanaraq, işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, işğaldan azad edilən digər şəhərlərimizdə qürurla dalğalanır və əbədi dalğalanacaqdır!

icon

Foto qalereya