20-10-2026
20 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Vətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “20 oktyabr – Zəngilan şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu gün Zəngilan şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il oktyabrın 20-si “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur.
Sərgilərdə Zəngilan şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilərlər.
1993-cü ildə Ermənistan silahlı qüvvələri Füzuli və Cəbrayılı işğal etdikdən sonra Zəngilan tam mühasirədə qaldı. 67 gün qəhrəmanlıqla müqavimət göstərən zəngilanlılar 235 şəhid verərək Araz çayını keçməklə ərazini tərk etmək məcburiyyətində qaldılar. Rayon 27 il müddətində işğal altında qaldı. Bu dövrdə bütün yaşayış məntəqələri, məktəblər, dini və tarixi abidələr, məscidlər, türbələr və qəbiristanlıqlar erməni vandalizminə məruz qaldı.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və onun ətraf əraziləri azad edildi. Prezident cənab İlham Əliyev bu tarixi xəbəri xalqa müraciətində elan etdi. Beləliklə, Azərbaycanın 132 kilometrlik İranla sərhədi tam bərpa olundu.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq bir Zəfər yazdı. Zəngilanın azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda milli birliyin, xalq–ordu–dövlət birliyinin rəmzinə çevrildi.
Ölkə Prezidentinin Sərəncamına əsasən, “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular bu medalla təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan bu gün yenidən doğulur. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, yeni yollar, məktəblər, xəstəxanalar, hava limanı və yaşayış massivləri inşa edilir. Bu, sadəcə bərpa deyil — bu, gələcəyə yönəlmiş müasir inkişaf modelidir.
Bu gün Zəngilan təkcə bir şəhər deyil, azadlığın, dirçəlişin və milli qürurun simvoludur. Hər bir azərbaycanlı üçün bu tarix unudulmazdır. 20 Oktyabr – Zəngilan şəhəri Günü xalqımızın qəlbində əbədi Zəfər Günü kimi yaşayacaq.