close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi və “31 mart Azərbaycanlıların Soyqırımı Günü” adlı Elektron məlumat bazası istifadəçilərə təqdim olunub

31-03-2021

Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya Azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” (http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm)adlı virtual sərgi və “31 mart Azərbaycanlıların Soyqırımı Günü” (http://anl.az/soyqirim/) adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrindən ibarətdir. Virtual bazalarda fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

           

 

icon

Foto qalereya