close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi və elektron layihələr istifadəçilərə təqdim edilib

31-03-2026

1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda erməni-daşnak silahlı dəstələri tərəfindən növbəti dəhşətli soyqırım aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən kütləvi qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü, eləcə də digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Soyqırım xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində daha böyük qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilib, yaşayış məntəqələri dağıdılıb, kəndlər yandırılıb, milli-mədəni abidələr məhv edilib, on minlərlə insan doğma torpaqlarından didərgin salınıb.

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı hadisələrə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

31 mart 2026-cı il tarixində Milli Kitabxanada 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilərək, erməni-daşnak silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliamların öyrənilməsi və gələcək nəsillərə çatdırılması, tarixi həqiqətlərinin işıqlandırılması məqsədilə “31 mart - Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı virtual sərgi,  “31 mart - Azərbaycanlıların Sоyqırımı Günü” adlı elektron məlumat bazası və eyniadlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə  (https://anl.az/el/vsb/31_Mart_Soyqirimi/index.htm) Azərbaycanlılara qarşı törədilmiş qanlı faciə - 31 mart soyqırımı haqqında rəsmi sənədlər, erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində  on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi və s. dəhşətli faciədən bəhs edən dövri mətbuatda çap  olunan məqalələr,  Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Elektron məlumat bazasında  (https://anl.az/soyqirim/ ) sistemləşdirilmiş tammətnli resurslar “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Soyqırım haqqında fikirlər”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Ənənəvi sərgidə 1918-ci il türk-müsəlman əhalisinə qarşı soyqırımı, soyqırıma məruz qalan tarixi-mədəni irsimiz, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti və onun acı nəticələri, sənədlər toplusu, arxiv materialları, soyqırım və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat orqanlarının materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

 

icon

Foto qalereya