01-09-2026
1 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan alimi, Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Möhsün Nağısoylu - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə alimin monoqrafiyaları, dərslikləri, ön söz müəllifi, tərtibçisi və rəyçisi olduğu nəşrlər, tərcümələri və redaktəsi ilə hazırlanmış kitablar, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş Azərbaycan dilində nəşrlər və dövri mətbuat materialları nümayiş olunur.
Möhsün Zellabdin oğlu Nağısoylu (Nağıyev) 1946-cı il sentyabr ayının 1-də Şərur rayonunun Xok kəndində anadan olub. 1963-1971-ci illərdə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. 1972-ci ildən M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib, 1976-1980-ci illərdə kiçik elmi işçi, 1981-1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb. 1988-ci ildən Farsdilli əlyazmaların tədqi şöbəsinin müdiri olub, əsasən farsdilli və türkdilli əlyazmaların tədqi sahəsində çalışıb. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilib. Farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur.
1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 28 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir. Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti” (Bakı, 2000), “M.Füzulinin “Hədiqətüs-süəda” əsəri” (Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” (Bakı, 2008) kitabları milli Azərbaycan humanitar elminin inkşafında mühüm rol oynayıb, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Elmi araşdırmaları əsasən orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunub. Möhsün Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış edib. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxıb.Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunub.
Abuturiyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifidir. M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini tərtib və çap edənlərdən biridir. Rəhbərlik etdiyi 4 dissertant namizədlik dissertasiyalarını müdafiə edib. Fars dilindən tərcümə etdiyi S.Bəlaği, “Quran qissələri”; Ə.Bəxşayişi, “Sidiqiye-Tahirə”; Şeyx Mahmud Şəbüstəri, “Gülşəni-raz” kitabları nəşr olunub. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasının, Əlyazmalar İnstitutu nəzdində yaradılan birdəfəlik müdafiə şurasının üzvü olub.
1996-2002-ci illərdə Qafqaz Universitetində Azərbaycan dili və Türk İslam ədəbiyyatı tarixi fənlərini tədris edib. 2005-ci ildən Sumqayıt Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professorudur. 1967-1970, 1972-1975 və 1982-1986-cı illərdə Əfqanıstanda fars dili tərcüməçisi işləyib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib.
2015-2021-ci illərdə Möhsün Nağısoylu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışıb. 2021-ci ildən AMEA Prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin edilib.