close
icon E-kataloq və kitabxana

AMEA Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda ikinci respublika elmi konfransı

17-04-2018


17 aprel 2018-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda ikinci respublika elmi konfransı keçirilmişdir. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna tarixi xidmətlərindən danışmış və konfransı açıq elan etmişdir.

İki bölmədən ibarət olan konfransda muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat institutlarının elmi əməkdaşları da iştirak etmişlər. Konfransda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana, və arxiv işləri üzrə 50-ə yaxın iştirakçının ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılmasında əvəzsiz xidmətləri, milli-mənəvi dəyərlərimizin təbliği, muzey, arxiv və kitabxanalarda qorunan mənəvi dəyərlərin insanların tarixi yaddaşının formalaşmasında rolu və s. mövzularda elmi məruzələri dinlənilmişdir.

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Aygün Hacıyeva “Azərbaycan Milli Kitabxanasının nadir və qiymətli ədəbiyyat fondu” mövzusunda məruzə ilə çıxış edərək Milli Kitabxananın qiymətli ədəbiyyat fondu haqqında məlumat vermiş, sənədli mədəni irsin qorunması və saxlanılması, eyni zamanda ondan geniş istifadənin təmin edilməsi istiqamətində kitabxananın fəaliyyətindən, onların rəqəmsal kolleksiyasının yaradılması prosesindən danışmışdır.