close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Aqil Əliyev – 95” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

10-12-2021

Dekabrın 10-da Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, professor Aqil Əliyevin 95 illik yubileyi tamam olur.

Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutub.

Görkəmli alim Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etmiş, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışmış, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olmuşdur. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

İqtisadçı alim Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli iqtisadçı alimin 95 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Aqil Əliyev – 95” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə iqtisadçı alimin mükafatları, fotolar, müəllifi, redaktoru olduğu, eləcə də haqqında yazılan kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aqil_Eliyev_95/index.htm linkindən istifadə edə bilərlər.