close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr edilən tədbir keçirilib

10-05-2022

Mayın 10-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”da “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor bildirib ki, bu gün Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər, Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin doğum günüdür. Direktor vurğulayıb ki, Açıq Kitabxanada biz bu gün münasibətilə Azərbaycan Milli Kitabxanası və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 284 nömrəli Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinin, eləcə də Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ulu Öndərə həsr edilən tədbirə toplaşmışıq. Çıxışı zamanı K.Tahirov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir. Qeyd edib ki, Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları Milli Kitabxananın “Heydər Əliyev guşə”sində öz layiqli yerini tutur. Ulu Öndərin Azərbaycan qarşısındakı xidmətlərindən bəhs edən direktor bildirib ki, Ümummilli liderin ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsidir. Məhz Cənab Prezident İlham Əliyevin möhkəm iradəsi və Müzəffər Azərbaycan Ordusunun iştirakı ilə Qarabağımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb. Çıxışının sonunda o, bildirib ki, hər dəfə belə silsilə tədbirlər keçirildikcə Ulu Öndərin ruhu şad olacaq və o, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Tədbir zamanı 284 nömrəli Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdləri – Qurban Məmmədov, Şamil Həsənli, Sübhan Abbasov, İlqar Qəhrəmanlı, Hüseyn Kazımlı, Səid Əliyev, Rəsul Qədirli, Seyhun Əhmədzadə, Nəzrin Ağazadə, Seymur Mustafayev, Əli Batızadə, Aysun Əliyeva və s. çıxış edərək  “Qarabağ”, “Şuşanın dağları”, “Vətən yaxşıdır” və s. mahnıları ifa ediblər.

Tədbirin davamında Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdi Türkan Nəcəfova “Ulu Öndər” və öz müəllifi olduğu “Şuşa” şeirini qonaqlara təqdim edib. Eyni zamanda, həmin məktəbin digər şagirdi Ayan Vəliyeva Azərbaycan mahnısının sədaları altında rəqs edib.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərdə fəal iştirak edən şagirdlərə fəxri diplom verilib və xatirə şəkili şəkilib.

icon

Foto qalereya