close
icon E-kataloq və kitabxana

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” kitabı Azərbaycan Milli Kitabxanasının fonduna təqdim edilmişdir

11-01-2018

11 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı kitabın kitabxana fonduna təqdimetmə mərasimi keçirilmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova atlas barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir.

Atlas Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovaya təqdim edilmişdir. Ədibə İsmayılova da öz növbəsində Sevil Zülfüqarovanın timsalında atlasın ərsəyə gəlməsində rolu olan bütün əməkdaşlara təşəkkürünü bildirmiş, onlara yeni elmi-tədqiqat və yaradıcılıq uğurları arzulamışdır. Direktor müavini vurğulamışdır ki, atlas Milli Kitabxananın zəngin fondunda öz layiqli yerini tutacaq, tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaqdır.

Sonda xatirə şəkli çəkilmişdir.