close
icon E-kataloq və kitabxana

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir və Milli Kitabxana tərəfindən hazırlanmış “Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kita

19-12-2017

Dekabr ayının 19-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir və Milli Kitabxana tərəfindən hazırlanmış  “Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qiymətli elmi-nəzəri əsərlərin müəllifi Y.V.Çəmənzəminlinin yaradıcılığından qısaca danışaraq tədqiqatçı-alimin  folklorda, ədəbiyyatda, bədii nəsr tarixində xüsusi yeri olduğunu, alimin ədəbi-bədii irsinin xalq yaradıcılığı ilə sıx bağlı olduğunu söyləmişdir.

Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev ictimai-siyasi və mədəniyyət xadimi Y.V.Çəmənzəminlinin yaradıcılığının zəngin olduğunu bildirmiş, onun tariximizin, musiqimizin tədqiqatçısı kimi mədəniyyətimizə yorulmadan xidmət etdiyini söyləmişdir.

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar  Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi,  Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, “Yenə iki od arasında” romanının müəllifi (Y.V.Çəmənzəminli haqqında) yazıçı-publisist Elçin Hüseynbəyli çıxış edərək Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunmuş bu vəsaitin yazıçı haqqında tərtib olunmuş ilk  fundamental biblioqrafiya olduğunu, vəsaitdə alimin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplandığını, vəsaitin ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün çox faydalı olduğunu bildirmiş, alimin bədii yaradıcılığından danışaraq onun mətbuatda müxtəlif təxəllüslərlə çıxış etdiyini, tərcüməçi kimi fəaliyyətindən danışmış, əsərlərinin bir neçə dilə tərcümə olunduğunu söyləmişlər.

Yusif Vəzir Çəmənzəminlinin ailəsi adından nəvəsi Leyla xanım çıxış edərək tədbirin keçirilməsi və biblioqrafiyanın fundamental şəkildə tərtib olunub nəşr olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirmişdir.

Sonda tədbir iştirakçıları alimin həyat və yaradıcılığını özündə əks etdirən “Yusif Vəzir Çəmənzəminli-130” adlı geniş kitab sərgisi ilə tanış oldular.​