close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlığa dair Müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.

27-04-2017

Aprel ayının 27-də Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlığa dair Müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq, tədbir iştirakçılarını salamlamış, bu gün imzalanacaq Müqavilənin gələcəkdə birgə layihələrin həyata keçirilməsi, ortaq işlərin reallaşdırılmasındakı əhəmiyyətindən danışmış, əməkdaşlığın ölkəmizdə çap olunan kitabların Türkiyədə, qardaş dövlətdə nəşr olunmuş kitabların isə Azərbaycanda yayılmasına təkan verəcəyini vurğulamışdır. Müqavilənin şərtlərinə müvafiq qarşlılıqlı olaraq hər iki ölkədə çap olunun yeni kitabların mübadiləsinin həyata keçiriləcəyini qeyd etmişdir.

Daha sonra söz İLESAM-ın sədri Mehmet Nuri Parmaksıza verilmişdir. O, kitabın, kitabxananın mədəniyyətlərin formalaşmasındakı rolundan, təşkilatın bu sahədəki fəaliyyətindən, həmçinin respublikamızdakı bir çox təşkilatlarla əlaqələrindən danışmışdır. Azərbaycan şair və yazıçılarının hər il təşkilatın vəsaiti hesabına türk dilində kitablarının nəşr olunmasının iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını diqqətə çatdırmışdır. Hər il Türkiyə türkcəsində çap olunmuş və satışda olan müxtəlif sahələrə dair 15 min kitabın Azərbaycan kitabxanalarına hədiyyə ediləcəyinin nəzərdə tutulduğunu da qeyd etmişdir.

Mehmet Nuri Parmaksız Milli Kitabxananın direktoru Kərim Tahirova İLESAM təşkilatına üzvlük kartını təqdim etmişdir.

Müqavilənin rəsmi imzalanma mərasimindən sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid hər iki tərəf üçün bu Müqavilənin əhəmiyyətindən danışmış və tezliklə qarşılıqlı əməkdaşlığın səmərəli nəticələrinin olacağını qeyd etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri,  İLESAM-ın Azərbaycandakı təmsilçisi  Xəyal Rza təşkilatın ədəbiyyatın təbliği istiqamətindəki uğurlu işlərindən danışmış, bu Müqavilənin də ədəbi və mədəni əlaqələrimizin inkişafında öz bəhrəsini verəcəyini vurğulamışdır.