close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqresdə təmsil olunur

13-11-2025

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü çərçivəsində 12-16 noyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqres keçirilir.  

Mərkəzi Asiya ölkələrinin mənəvi dəyərlərə sadiqliyini ifadə edən, mədəniyyətlərarası dialoqun inkişafına və humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verən universal platforma rolu oynayan Konqres Özbəkistan İslam Sivilizasiyası Mərkəzi, Xarici İşlər Nazirliyi, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU), Özbəkistan Elmlər Akademiyası və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə baş tutur.

13 noyabr tarixində Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Konqresin açılış mərasimi, Mərkəzin muzey ekspozisiyaları, həmçinin Beynəlxalq Platforması və Xəttatlıq Məktəbi ilə tanışlıq olub.

Konqres Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti ilə başlayıb, ölkəmizin və Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlərinin, müftilərinin,  Elmlər Akademiyalarının prezidentlərinin, milli muzey direktorlarının, gənclərlə iş şöbələrinin, “Mədəniyyət” telekanallarının, rəssamlıq akademiyalarının, milli kitabxanalarının, yazıçılar və bəstəkarlar birliklərinin rəhbərlərinin iştirakı ilə plenar iclaslar şəklində davam edib.

Plenar iclasda Azərbaycan kitabxanaları adından Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov salamlama nitqi ilə çıxış edib və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, Konqres 14 noyabr tarixində müxtəlif mövzularda tematik bölmə iclasları ilə davam edəcək.

icon

Foto qalereya