close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası oxuculara onlayn rejimdə xidmət edir

01-04-2020

Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən bilavasitə Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılmışdır. Lakin buna baxmayaraq Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri tam qüvvəsi ilə oxucular üçün aktivdir: Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması, Virtual Sərgi, Metodiki xidmət (kitabxanalar üçün ).
Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışırlar. İstifadəçilərimiz onlara lazım olan resursları Milli Kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Mart ayının 11-dən 31-dək Milli Kitabxananın onlayn xidmətləri vasitəsi ilə 659 istifadəçiyə sənədlərin elektron çatdırılması xidməti göstərilib. Bu müddət ərzində onlara 1800 kitab və 4200 məqalənin elektron çatdırılması təmin olunub. Milli Kitabxana oxuculara virtual xidmətlərini də davam etdirmiş və bu xidmətlərdən istifadə edənlərin sayı xeyli artmışdır.
Kitabxananın saytının (anl.az) “Elektron kataloq və elektron kitabxana” bölməsinə son 20 gün ərzində 182 583 nəfər kitabları onlayn oxumaq üçün müraciət etmişdir. Bütövlükdə saytımıza daxil olanların sayı isə 225 825 nəfər olmuşdur. Bu dövr ərzində oxucuların sifarişi əsasında kitabxananın əməkdaşları kitabxanaya gələrək 50 kitabın və 320 məqalənin elektron versiyasını hazırlayaraq oxuculara göndəriblər.
Son 20 gün ərzində kitabxananın əməkdaşları tərəfindən 4 virtual sərgi hazırlanaraq onlayn şəkildə oxuculara təqdim olunmuşdur. Könüllülər ili ilə əlaqədar olaraq Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada yaradılmış Könüllülər qrupu martın 13-dən bugünədək kitabxanada olan maraqlı kitabların videogörüntülərini və xülasələrini kitabxananın feysbook səhifəsi vasitəsilə onlayn şəkildə oxuculara təqdim olunmasını davam etdirirlər