12-12-2025
12 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları və qonaqları salamlayıb. Direktor bildirib ki, 12 dekabr tarixində görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Direktor vurğulayıb ki, dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ölkəmizdə sabitlik yaratdı, xaosa son qoydu və əsaslı quruculuq mərhələsi başladı. Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin Vətən qarşısında xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan direktor, onun Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına da xüsusi diqqət və qayğısını qeyd edib. Vurğulayıb ki, Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və böyük çətinliklər dövrünü yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.
Direktor qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Ulu Öndərin irsinin, həmçinin milli mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliği istiqamətində Milli Kitabxananın öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyən prof. Kərim Tahirov son olaraq bildirib ki, müstəqil Azərbaycan dövləti yaşadıqca xalqımız Ulu Öndərin ideyalarına sadiq qalacaq, ona minnətdar olacaq, onun əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.
Tədbirin davamında “12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü” adlı virtual sərginin təqdimatı olub.
Daha sonra tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” mövzusunda ənənəvi sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.