close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirilmişdir

01-06-2018

İyun ayının 1-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanası birgə görkəmli dramaturq, Xalq yazıçısı Elçinin Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanının təqdimat mərasimi keçirilmişdir.

Tədbir Xalq yazıçısı Elçin haqqında 9 dəqiqəlik filmin nümayişi ilə başlamışdır.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, söyləmişdir ki, Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Elçinin bədii yaradıcılığının janr müxtəlifliyi də onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Direktor böyük yazıçının bu gün də ədəbi axtarışda olduğunu söyləmiş, qeyd etmişdir ki, yazıçının hekayə, povest, roman, dram janrında yazılan əsərləri təkcə ölkə daxilində deyil, Azərbaycandan kənarda da sevilə-sevilə oxunur və xarici dillərə tərcümə olunaraq yüksək tirajla çap olunur. Bu gün təqdimatı keçirilən Misir Ərəb Respublikasında ərəb dilində nəşr olunmuş “Baş” romanı bunun bariz nümunələrindəndir.

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev tədbirdə çıxış edərək, “Baş” romanının ərəb dilinə tərcümə olunaraq Misirdə nəşr edilməsinə görə  Misirin Azərbaycandakı səfirinə öz dərin təşəkkürünü bildirmiş və bu işin Misir dövləti tərəfindən görkəmli nasir-dramatur­qun ədəbi fəaliyyətinə verilən ən yüksək dəyərin göstəricisi olduğunu demişdir. Nazir çıxışında  vurğulamışdır ki, Elçin Azərbaycan ədəbiyyatında öz dəsti xəttini yaradan yazıçılardan biridir. Xalq yazıçısının yaradıcılığında  hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materiallar mövcuddur. Əbülfəs Qarayev bildirmişdir ki, Elçinin ilk oxucusu kimi əsərlərində hər zaman yenilik, Azərbaycançılıq məfkurəsi, tariximizə, milli köklərə bağlılığı hiss etmişəm. Bu gün də onun müraciət etdiyi mövzular öz aktuallığı ilə dünya oxucuları tərəfindən sevilə-sevilə oxunur. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xalq yazıçısı Elçin Əfəndiyevə “Şöhrət” ordenini təqdim etmişdir.  

Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxışında demişdir ki, “Baş” romanı bədii sözün gücündən ustalıqla istifadə olunan tarixi romandır. Yazıçı siyasi mübarizə və müharibə tarixlərinə diqqət yetirmiş, tarixi şəxsiyyət­lərin daxili aləmini ustalıqla açmışdır. Müəllif əsərdə özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən nümayiş etdirmişdir. “Baş” romanı həm də Azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir. Nizami Cəfərov qeyd etmişdir ki, əsər oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim öz çıxışında qeyd etmişdir ki, səfirlik tərəfindən mütəmadi olaraq Azərbaycan Tərcümə Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının dünyada və ərəb ölkələrində tanıdılması və təbliği istiqamətində beynəlxalq layihələr həyata keçirilir, bir çox kitablar Azərbaycan dilindən ərəb dilinə tərcümə olunaraq nəşr olunur. Səfir vurğulamışdır ki, görkəmli Azərbaycan yazıçısının “Baş” romanını orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib. Kitab Misirin “Əl-Ədəb” nəşriyyatında çap olunub. Səfir Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin medalını Xalq yazıçısı Elçin Əfəndiyevə təqdim etmişdir.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək bildirdi ki, Elçin Əfəndiyev tanınmış yazıçı, ictimai xadim kimi Sovet ittifaqında da, Müstəqil Azərbaycan Respublikasında da öz layiqli yerini tutmuşdur. Rusiyada Elçinin yaradıcılığına böyük ehtiram, məhəbbət göstərilir.

Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında söyləmişdir ki, 60-cı illərin əvvəllərində ədəbiyyata gələn Xalq yazıçısı Elçin elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb etmişdir. Professor bildirmişdir ki, yazıçı ömrünün çox hissəsini ədəbiyyata həsr etmiş və hekayə, povest, roman və dram əsərləri tərcümə edilərək dünya xalqları tərəfindən rəğbətlə qarşılanmışdı.

Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət bildirmişdir ki, Azərbaycan teatrının ölkəmizin hüdudlarından kənarda xarici ölkə teatrlarında tanınmasında Elçin dramaturgiyasının xüsusi yeri vardır. Xalq artisti çıxışında bildirmişdir ki, dramaturqun “Mənim sevimli dəlim” pyesi Türkiyə Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyası nümunələrindən tamaşaya qoyulan ilk pyes idi. Türkiyə mətbuatı və televiziyası “Dəlixana qaçqını”nı (“Mənim sevimli dəlim” əsərini) Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm hadisə kimi dəyərləndirdi. Dramaturqun “Mənim ərim dəlidir” pyesi də Türkiyədə, Böyük Britaniyanın paytaxtı Londonda “Şekspir” əsərinin tamaşası böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və geniş tamaşaçı rəğbəti qazanmışdır. Dramaturqun “Mənim sevimli dəlim” pyesi Londonun “Tristan Bates” teatrında uğurlu səhnə təcəssümünü tapmışdır.

Daha sonra tədbirdə Fələstinin Azərbaycandakı Səfiri Nasser Abdul Karim A.Rahim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, yazıçı, tənqidçi Əsəd Cahangir çıxış etmişlər.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri doktor Əhməd Sami Elaydi tədbirdə çıxış edərək söyləmişdir ki, mən Misirin ilk azərbaycanşünas alimi kimi 35-ə yaxın Azərbaycan yazıçılarının yaradıcılığını tədqiq etmişəm. Sevindirici haldır ki, tərcümə sahəsində də böyük işlər görülür. Azərbaycanda Misir ədəbiyyatından tərcümələr edilir. Mən özüm də bir neçə kitab və roman tərcümə etmişəm. Mərkəz  olaraq  məqsədimiz iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Əsas hədəflərimizdən biri də bu layihələr vasitəsilə aramızdakı oxşarlığı göstərmək və müştərək işlər görməkdir. Mən Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanının ərəb dilinə tərcüməçisi kimi deyə bilərəm ki, bu roman tək bizim ölkədə deyil, eyni zamanda bütün ərəb ölkələrində sevilə-sevilə oxunacaq.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təltifə görə öz minnətdarlığını bildirmiş, Azərbaycan xalqının rifahı, inkişafı naminə, ərazi bütövlüyünün bərpası naminə cənab prezidentə uğurlar arzulamışdır. Çıxışında Xalq yazıçısı qeyd etmişdir ki, həyatının böyük hissəsini Sovet dönəmində yaşamış biri kimi müstəqil Azərbaycan Respublikasının hər üç ordeni ilə təltif olunmaq böyük şərəfdir və bununla qürur duyur. O, tədbir iştirakçılarına və təşkilatçılarına, kitabın ərsəyə gəlməsində xüsusi xidmətləri olan Azərbaycan Tərcümə Mərkəzinə, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirinə və kitabın tərcüməçisi Əhməd Sami Elaydiyə dərin təşəkkürünü bildirmişdir.