15-12-2025
15 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, yazıçı-publisist, ictimai xadim Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı iki cildlik kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor bildirib ki, 12 dekabr tarixində görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd etdik. O, bildirib ki, dahi şəxsiyyətin Vətən qarşısında xidmətlərindən, Azərbaycan tarixində oynadığı əvəzsiz roldan bəhs edən kitablar çoxdur və onların heç biri bir-birini təkrarlamır. Həmin kitabların bir çoxunun təqdimatı məhz Milli Kitabxanada keçirilib. Milli Kitabxanada kitab təqdimatlarının keçirilməsinin əsası da məhz Ulu Öndərin adı ilə bağlıdır. İlk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında kitab təqdimatında iştirak edən Ümummilli Lider öz şəxsi kitabxanasından 300 nüxsə kitabı Milli Kitabxanaya hədiyyə edib.
Natiq bildirib ki, Elmira Axundova Ulu Öndər haqqında uzun illər ərzində gördüklərini, eşitdiklərini qələmə alıb, onunla çalışdığı illərdə aldığı müsahibələrdən ibarət çox sayda kitablar yazıb. Artıq bir neçə dildə çap olunmuş kitabın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan dilində nəşr edildiyini, iki cildliyin I cildində Ulu Öndərin həyatının müxtəlif mərhələlərinin əks olunduğunu, II cildində isə görkəmli şəxsiyyətlərin, ziyalıların onun haqqında müsahibələrinin, söhbətlərinin yer aldığını vurğulayıb.
Görkəmli heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi dahi siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələrinin müəllifi olan heykəltəraş Ulu Öndərin ona rəssam olmaq istədiyini, lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmadığından Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olduğunu dediyini qeyd edib. Ümummilli liderin Rəssamlar İttifaqının demək olar ki, bütün iclas və sərgilərində iştirak etdiyini, xüsusən incəsənəti çox sevdiyini söyləyən natiq peşəkar rəssam olmaq istəyən Heydər Əliyevin onları həmişə ruhlandırdığını diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Ulu Öndərlə 10 il çiyin-çiyinə çalışdığını vurğulayıb, onun uşaqlıqdan mədəniyyətə, mədəniyyətin bütün sahələrinə olan marağından danışıb. Bildirib ki, Ulu Öndər mədəniyyətin elə bir sahəsi yox idi ki, onun haqqında bilməsin, duymasın, danışmasın. Hakimiyyətinin hər iki dövründə mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqət edən Ulu Öndərin dövlət xadimi olaraq mədəniyyəti necə dərindən bildiyini söyləyən natiq onun haqqında günlərlə danışmağın mümkün olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin son dərəcə səmimi, mülayim insan olduğunu, onunla bir neçə dəfə ünsiyyətdə olduğunu qeyd edib. Ümummilli liderin Azərbaycan naminə etdiklərinin həmişə xatirəmizdə qalacağını söyləyən akademik kitabda Ulu Öndərə yaxın olan, Azərbaycan mədəniyyətinin daşıyıcıları hesab edilən şəxsiyyətlərin müsahibələrinin yer almasına baxmayaraq, Elmira xanımın həm də bu təkmil, mükəmməl kitabın müəllifi olduğunu bildirib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından ziyalıları salamlayıb, bütün ictimaiyyəti kitabın nəşri münasibətilə təbrik edib, müəllifə Ulu Öndərin zəngin irsini araşdıraraq təbliğ etdiyinə, onun mədəniyyətə verdiyi dəyəri geniş izah etdiyinə görə təşəkkür edib. O, I cildin daha çox tədqiqatlar əsasında qurulduğunu, Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirdiyini, II cildin isə söhbətlərdən ibarət olduğunu söyləyib. Kitabı oxuyarkən Ulu Öndərin bir çox maraqlı tezislərinə rast gəldiyini qeyd edən nazir müavini “Ziyalılar xalqın milli sərvətidir” tezisini diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyinin Elmira Axundova ilə əməkdaşlığından danışıb, yeni kitabların nəşrinin nəzərdə tutulduğunu vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Milli Kitabxananın gözəl görüş nöqtəsinə çevrildiyini, burada tez-tez kitab təqdimatlarının keçirildiyini, bununla da kitabxananın Azərbaycanın mədəni həyatında ciddi iştirak etdiyini qeyd edib. O, söyləyib ki, təqdimatına toplaşdığımız kitab olduqca dəyərlidir, çünki kitabda Azərbaycan tarixinin Ulu Öndərlə bağlı olan dövründən bəhs edilir. Ulu Öndərin Azərbaycan mədəniyyətini Azərbaycan dövlətçiliyinin əsaslarından biri hesab etdiyini vurğulayan millət vəkili Ümummilli liderin mədəniyyətimizin bütün sahələrində izlərinin, töhfələrinin olduğunu, mədəniyyətə xüsusi qayğı və diqqətlə yanaşdığını bildirib, onunla bağlı çoxsaylı xatirələrinin olduğunu söyləyib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın yaxın dostu, tanınmış jurnalist Mixail Qusman Heydər Əliyevin respublikanın parçalandığı bir vaxtda xalqın onu geri çağırması ilə dönərək ölkəni xilas etməsindən danışıb, hakimiyyətə qayıdışı ilə regionun geosiyasətini dəyişdiyini söyləyib, onu bütün dövrlərin dahi şəxsiyyətlərindən biri adlandırıb. Heydər Əliyevin bütün həyatının ölkəyə və onun gələcəyinə həsr olunduğunu, öz xalqı üçün yaşadığını söyləyən natiq Azərbaycanı dəhşətlərdən qurtarmış, xilas etmiş bu dahi şəxsiyyətin xatirəsinin əziz olduğunu qeyd edib. O, bildirib ki, kitabın müəllifi olan Elmira xanım uzun illərdir ki, Heydər Əliyev ilə bağlı kitablar yazır və bu kitablar olduqca dəyərlidir.
Tədbirin davamında Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxış ediblər.
Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinə görə Mədəniyyət Nazirliyinə, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, bütün qonaqlara təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.