close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

11-10-2016

Oktyabr ayının 11-də Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmış, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyət Səməd Vurğun haqqında, yaradıcılığından, zəngin irsindən, əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunmasından, tərcümə etdiyi əsərlərdən, onun bütün yaradıcılğını özündə əks etdirən fundamental biblioqrafiyadan, vəsaitin geniş oxucu kütləsi üçün tərtib edildiyindən və s. danışmışdır.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov şairin yaradıcılığı haqqında ətraflı danışmış, , şairin qələm yoldaşlarının xatirələrindən söz açmışdır.

Çıxışçılar AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,  filologiya elmləri doktoru Şirindil Alışanlı, Mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəzin direktor müavini,  ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Adilxan Bayramov, professor Ənvər Əhməd, tənqidçı, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, publisist, nasir Şəmistan Nəzirli,  filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy biblioqrafiyanın uzun axtarışların və gərgin əməyin bəhrəsi olduğunu, S.Vurğunun irsini, onun ədəbi-bədii fəaliyyətini öyrənməkdə elmi işçilərə, mütəxəssislərə böyük köməklik göstərəcəyini əminliklə söylədilər,  bu vəsaitin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdilər.

Elektron resursların yaradılması şöbəsinin müdiri Rübabə Səfərova “Azərbaycanın Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim edərək, baza haqqında ətraflı məlumat verdi, bazada şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Səməd Vurğun haqqında söylədikləri, sözlərinə yazılmış mahnılar, əsərləri, və s. haqqında zəngin məlumatların toplandığını bildirdi.

Sonda tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən “Səməd Vurğun-110” adlı sərgi ilə tanış oldular.