close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ankarada Xalq şairi Səməd Vurğunun

15-11-2016

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə noyabr ayının 15-də Ankarada TÜRKSOY-un iqamətgahında  Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbirləri keçirilmişdir. Yubiley tədbirləri çərçivəsində kitab və foto sərgi, kitab təqdimatı, Beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları  Azərbaycan Milli Kitabxanasının qızıl fondlarında qorunan Səməd Vurğunun yaradıcılığını özündə əks etdirən kitablardan ibarət sərgi və S.Vurğunun Ev muzeyində qorunan foto sərgi  ilə tanış olmuşlar.

Sonra Azərbaycan Milli Kitabxanası  tərəfindən çap olunmuş “S.Vurğun. Biblioqrafiya”  kitabının təqdimat mərasimi keçirilmişdir.

Beynəlxalq elmi konfrans öz  işinə görkəmli şairin həyatından bəhs edən filmlə başlamışdır.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov açaraq tədbir iştirakçılarını salamlamış, konfransın işinə uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif  Əliyev TÜRKSOY-la birgə keçirilən tədbirlərdən söz açmış, növbəti tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.

Beynəlxalq elmi konfransda Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  millət vəkili, prof. Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Gazi Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün müəllimi yrd. doç. dr. Aysun Demirez Guneri, Karabük Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi doç. dr. Yıldız İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin Başkanı Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova çıxış edərək şairin yaradıcılığından ətraflı bəhs etmişlər.

Konfransda həmçinin Azərbaycanın Əməkdar artisti Mehriban Zəki şairin şeirlərini səsləndirmişdir.

Tədbirdə Qaqauz kitabxanası, Qazaxıstan, Başqırdıstan,  Qırğızıstan,  Özbəkistan, Türkmənistan Milli Kitabxanaları,  Qazaxıstan Milli Akademik Kitabxanası, Şimali Kipr Dövlət Kitabxanasından gələn nümayəndələr  iştirak etmişdir.