21-10-2026
21 oktyabr 2026-cı il tarixində XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Mədəni irsin mühafizəsində kitabxanaların rolu: süni intellektin tətbiqi və beynəlxalq təcrübə” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayaraq XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində belə bir beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, müasir kitabxanaların milli-mədəni irsin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını bildirib. Süni intellekt texnologiyalarının kitabxana işinə tətbiqinin nadir kitabların, əlyazmaların və tarixi sənədlərin mühafizəsi, elektron kataloqların təkmilləşdirilməsi və informasiya xidmətlərinin inkişafı baxımından yeni imkanlar yaratdığını qeyd edib. Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının bu istiqamətdə həyata keçirdiyi layihələrdən və beynəlxalq təcrübə mübadiləsinin vacibliyindən danışıb.
Konfransda çıxış edən akademik Nizami Cəfərov Azərbaycan xalqının zəngin ədəbi və mədəni irsinin qorunmasında kitabxanaların xüsusi rolunu qeyd edib. O, milli dilin, tarixi yaddaşın və mənəvi dəyərlərin yaşadılmasında kitabxanaların əhəmiyyətini vurğulayaraq müasir texnologiyaların bu irsin öyrənilməsi və təbliği üçün geniş imkanlar açdığını bildirib.
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu Türkiyədə kitabxana xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, ölkədə Milli Kitabxana ilə yanaşı, 1300-ə yaxın xalq kitabxanasının fəaliyyət göstərdiyini bildirib. Süni intellektin kataloqlaşdırma və informasiya axtarışı proseslərinə tətbiqindən danışan Taner Beyoğlu “Süni intellektə əsaslanan Ağıllı Kitabxana” layihəsi və görmə məhdudiyyətli şəxslər üçün yaradılmış “Danışan Kitabxana” xidməti barədə məlumat verib. Azərbaycan və Türkiyənin ortaq mədəni irsinin rəqəmsal mühitdə qorunması və əlçatanlığının artırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: milli yaddaşın rəqəmsal gələcəyi” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Kitabxanada zəngin kitab fondlarının rəqəmsallaşdırılması, elektron kataloqların, məlumat bazalarının və virtual sərgilərin yaradılması istiqamətində görülən işlərdən danışıb. Nadir nəşrlərin və digər qiymətli sənədlərin elektron mühitə köçürülməsinin milli yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb. Ədibə İsmayılova süni intellektin biblioqrafik məlumatların işlənməsi və istifadəçilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi sahəsində yaratdığı perspektivlərə də toxunub.
Serbiya Milli Kitabxanasının direktoru Yasmina Ninkov kitabxanaların müasir cəmiyyətdə bilik və yaradıcılıq mərkəzləri kimi rolundan danışıb. O, Serbiya Milli Kitabxanasının WorldCat sisteminə inteqrasiyası barədə məlumat verib. “Bütün serb kitabları bir dam altında” layihəsi və Serb Əlyazmalarının Virtual Kitabxanasının yaradılması təcrübəsini bölüşərək qədim əlyazmaların rəqəmsallaşdırılması, tarixi sənədlərin konservasiyası və bərpası istiqamətində həyata keçirilən işləri diqqətə çatdırıb. Yasmina Ninkov kitabxanaların inkişafında innovativ yanaşmaların və beynəlxalq tərəfdaşlığın mühüm rol oynadığını bildirib.
Estoniya Milli Kitabxanasının baş direktoru Martin Õövel süni intellektin inkişafının informasiya mühitinə və milli-mədəni dəyərlərin qorunmasına təsirindən bəhs edib. O, yeni texnologiyaların üstünlükləri ilə yanaşı, məlumatların etibarlılığı, şəffaflığı və kiçik xalqların dillərinin rəqəmsal mühitdə təmsil olunması ilə bağlı mövcud çağırışlara diqqət çəkib. Estoniya Milli Kitabxanasında süni intellektə əsaslanan avtomatik kataloqlaşdırma sisteminin hazırlanması istiqamətində aparılan işlər barədə məlumat verib. Martin Õövel texnoloji yeniliklərin kitabxana mütəxəssislərinin fəaliyyətini dəstəkləməsinin və mədəni müxtəlifliyin qorunmasına xidmət etməsinin vacibliyini vurğulayıb.
İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah ölkəsinin kitabxana sahəsində rəqəmsal inkişaf təcrübəsini təqdim edib. O, İordaniyada 38 kitabxananı və müəssisəni əhatə edən elektron kataloq sisteminin fəaliyyət göstərdiyini, 2026–2028-ci illər üzrə Strateji Planda rəqəmsal transformasiyanın əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini bildirib. Tarixi sənədlərin rəqəmsallaşdırılması, elektron informasiya sistemlərinin inkişafı və süni intellektdən səmərəli istifadə məsələlərinə toxunub. Firass Atallah Mohammad Darabah Azərbaycan və İordaniya kitabxanaları arasında nəşr mübadiləsinin, birgə layihələrin və peşəkar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Konfransda kitabxanaların rəqəmsal transformasiyası, süni intellektin tətbiqi, nadir kitab və əlyazmaların mühafizəsi, elektron informasiya resurslarının inkişafı və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Beynəlxalq Konfrans mədəni irsin qorunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kitabxanalar arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.