24-12-2025
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin müəllim və tələbə heyəti Milli Kitabxanada kitabşünas alim Knyaz Aslanın 65 illik yubileyinə həsr olunmuş kitab sərgisini ziyarət ediblər
24 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin müəllim və tələbə heyəti görkəmli kitabşünas alim-pedaqoq, şair-publisist Knyaz Aslanın anadan olmasının 65 illik yubileyi münasibətilə “Şair - publisist, kitabşünas alim Knyaz Aslan - 65” adlı virtual və “Kitabşünas alim Knyaz Aslan - 65” mövzusunda açılan ənənəvi kitab sərgisi ilə tanış olmaq üçün Milli Kitabxanada olublar.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini Zahidə Rzayeva, kafedra müdiri, dosent Elçin Əhmədov, kafedra müdiri, dosent Sevda Xələfova, fakültənin digər əməkdaşları və tələbələr alimin yaradıcılıq fəaliyyəti haqqında danışıb, öz ürək sözlərini söyləyiblər.
Sərgilərdə nümayış olunan resurslar - yaradıcı şəxsiyyət, gözəl şair, istedadlı alim, peşəkar jurnalist Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar, çоxşaxəli yaradıcılığı - monoqrafiyaları, dərslik və dərs vəsaitləri, şeirləri dövri mətbuat səhifələrində çıxan çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik məqalələri, ön sözün müəllifi, layihə rəhbəri, tərtibçi, rəyçi və redaktoru olduğu kitablar, təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” jurnalının nömrələri tələbələrin marağına səbəb olub.
Kitabşünas alim Knyaz Aslan Milli Kitabxananın kollektivinə təqdim olunan sərgilər üçün öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.