close
icon E-kataloq və kitabxana

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş Ədəbi-bədii musiqili məclisin növbəti tədbiri

04-12-2017

Dekabr ayının 4-də Qazax şəhərinin Ədəbiyyat Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” birgə layihəsinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı keçirilmişdir.

İlk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər qoyulmuş və  sonra M.P.Vaqifin, M.V.Vidadinin və S.Vurğunun Yuxarı Salahlı kəndindəki adibələri ziyarət olunmuşdur.

Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor  Kərim Tahirov məclisi açaraq qonaqları salamladı, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həm bölgələrdə, həm də respublikadan kənarda keçirilən silsilə  yubiley tədbirlərindən danışdı,  “Sirlər xəzinəsi” layihəsinin  əhəmiyyətini,  bu məclisin vaqifşünaslar, poeziyasevər və musiqisevərlər üçün bir töhvə olduğunu vurğuladı.

Daha sonra M.P.Vaqif haqqında AzTV-nin hazırladığı 7 dəqiqəlik film nümayiş olunmuşdur.

Açılış nitqi ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, tədbirdə iştirak edən hər kəsi salamlamışdır, milli ədəbiyyatımızda xüsusi iz qoymuş şairin yubileyinin il ərzində bütün türk dünyasında böyük təntənə ilə qeyd olunduğunu təqdirəlayiq hal hesab etmişdir.

Daha sonra filologiya elmləri doktoru, professor Rüstəm Kamal geniş məruzə ilə çıxış edərək, şairin həyat və yaradıcılığı haqqında ətraflı məruzə etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair Qazax rayon ağsaqqalı Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, şair, AZƏRTACın müxbiri Zərəngiz Dəmirçi Qayalı, şair Zaməddin Ziyadoğlu və b. çıxış edərək akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışaraq bu əsərlərin bütün türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildirmişlər.

Tədbir boyu İrəvan  Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Molla Pənah Vaqifin şerlərini oxumuş, Azərbaycan Respublikasının Əməkdar artisti, Milli Konservatoriyanın müəllimi Firuz Səxavət, IV kurs tələbələri Zəfər Əhmədli (tar), Müşfiq Lətifov (kamança), Bayram Üzeyirov (ud), Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə Vüqar Əliyev şairin qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər səsləndirmiş, Qazax aşıqları Məhəmmədəli Məşədiyev, Samir Allahverdiyev, Yaşar Gülümcanov, Şahin Süleymanov isə şairin şeirləri üzərində oxunan aşıq havalarını ifa etmişlər.

Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan Vaqifin zəngin həyat və yaradıcılığını özündə əks etdirən "Molla Pənah Vaqif-300" adlı geniş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.