close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəmşid Naxçıvanski adına Hərbi Lisey – 50” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

17-07-2021

Bu il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından 50 il ötür. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmışdır. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 50 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı elektron virtual sərgi hazırlanıb. Virtual sərgidə C.Naxçıvanski adına Hərbi Lisey haqqında rəsmi sənəd, fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cemsid_Naxcivanski_adina_Herbi_Lisey_50/index.htm linkindən istifadə edə bilərlər.