close
icon E-kataloq və kitabxana

Dekabr ayının 7-də Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Kitabxanası tərəfindən son 10 ildə çap olunan biblioqrafiyaların təqdimat mərasimi keçirilmişdir.

07-12-2016

Dekabr ayının 7-də Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Kitabxanası tərəfindən son 10 ildə çap olunan biblioqrafiyaların təqdimat mərasimi keçirilmişdir.

Ədəbiyyat İnstitutuna 52 adda 180 nüsxə Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasında çap olunan N.Gəncəvi, M.Ə.Sabir, M.F.Axundzadə, S.Vurğun, B.Vahabzadə, Elçin, İ.Əfəndiyev, Ü.Hacıbəyov, Q.Qarayev və digər şəxsiyyətlər haqqında fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər təqdim olunmuşdur.

Giriş sözü ilə tədbiri açan AMEA-nın vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin, ədəbiyyatın tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, mənəvi dəyərlərinin təbliğində xüsusi rol oynamasından bəhs etmişdir. O, bu təşəbbüsün xüsusi əhəmiyyətini qeyd edərək gələcəkdə Milli Kitabxana ilə Ədəbiyyat İnstitutunun əlaqələrinin genişlənəcəyi barədə də məlumat vermişdir. Akademik İsa Həbibbəyli iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanacağını və bundan sonra biblioqrafiyaların tərtibində birgə tədqiqat işlərinin həyata keçirilməsini, eyni zamanda Milli Kitabxananın elektron kitabxanasının virtual oxu zalının Nizami adına Ədəbiyyat İnstitutunda açılmasının institutun kollektivi, elmi tədqiqatçılar, alimlər üçün xüsusi əhəmiyyətini vurğulamışdır.

Sonra söz Milli Kitabxananın direktoru prof. Kərim Tahirova verildi. O, çıxışında Milli Kitabxananın son illərdə nəşriyyat fəaliyyətinin genişlənməsindən danışdı, Milli Kitabxananın nəşr etdiyi həm biblioqrafik, həm də digər nəşrlərinin elmin, ədəbiyyatın, mədəniyyətin inkişafına xidmət etməsindən bəhs etdi. Bu biblioqrafik nəşrlərlə yanaşı Milli Kitabxananın görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri haqqında hazırladığı elektron məlumat bazalarının da ictimaiyyət üçün dəyərli məlumatlar əks etdirdiyini vurğuladı. Sonda Milli Kitabxananın fəaliyyətinə verilən qiymətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirdi.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, fəlsəfə doktoru Leyla İmanova Milli Kitabxananın biblioqrafik nəşrlərini yüksək qiymətləndirməklə instituta hədiyyə edilən nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğuladı. Sonra professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digər çıxış edənlər Milli Kitabxana ilə əməkdaşlığın elmimizə faydasından bəhs etdilər.

Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanası tərəfindən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilən nəşrlərlə tanış oldular.