Milli Kitabxanada görkəmli tərcüməçi, dilçi alim İsmixan Rəhimovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Dilçi alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb.
Sərgidə alimin müəllifi olduğu dərsliklər, dərs vəsaitləri, lüğətlər, elmi məqalələri, həyatı və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Qeyd edək ki, İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il 18 sentyabr tarixində Bakı şəhərində anadan olub. 1931-ci ildə orta məktəbə daxil olub. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirib. 1943-cü ildə Xarici Dillər İnstitutunu, 1946-cı ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, aspiranturaya qəbul olub və həmin ildən Xarici dillər fakültəsində müəllim işləyıb.
Qarşısına Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq məqsədini qoymuş antisovet “İldırım” gənclər təşkilatının qurucularından biri və fəal üzvü olduğu üçün 1948-ci ildə 25 il müddətinə azadlıqdan məhrum edilib, 1955-ci ilin may ayında əfv edilib, 1956-cı ilin iyul ayında bəraət alıb.
1956-cı ildən 2004-cü ilə kimi Azərbaycan Dillər Universitetində müəllim, baş müəllim, dosent işləyib. 1959-cu ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Onun rəhbərliyi altında 10 nəfərdən çox elmlər namizədi yetişib. Müxtəlif illərdə tərcümə kafedrasının müdiri, ingilis dili fakültəsinin dekanı işləyib.
2017-ci ildə Azərbaycan Dillər Universitetində İsmixan Rəhimov adına auditoriya açılıb.
Bir çox dərslik, dərs vəsaiti, lüğət, elmi məqalə və tərcümələrin müəllifidir. Onun T.Hidayətzadə ilə birlikdə çap etdirdiyi “İngilis dilinin praktik qrammatikası”, Z.Mircəfərova və Z.Rəhimova ilə birlikdə tərtib etdiyi “İngiliscə-Azərbaycanca” və “Azərbaycanca-ingiliscə” lüğətlər bu gün də mütəxəssislərin stolüstü kitabıdır.
İsmixan Rəhimov 2000-ci il oktyabrın 28-də Azərbaycanda təhsil sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.