close
icon E-kataloq və kitabxana

Milli Kitabxana 29-30 sentyabr tarixlərində Düşənbədə keçirilən “MDB kitabxanalarının üç onillik tərəfdaşlığı: istinadlar və inkişaf strategiyaları” adlı kitabxanaçıların beynəlxalq konfransında iştirak edib

30-09-2021

Milli Kitabxana 29-30 sentyabr tarixlərində Düşənbədə keçirilən “Müstəqil Dövlətlər Birliyi kitabxanalarının üç onillik tərəfdaşlığı: istinadlar və inkişaf strategiyaları”  adlı kitabxanaçıların beynəlxalq konfransında iştirak edib. Konfrans Düşənbə şəhərinə “Birliyin Mədəniyyət Paytaxtı – 2021” statusu verilməsi və Müstəqil Dövlətlər Birliyinin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.

Beynəlxalq konfrans Düşənbə şəhəri Dövlət İcra Hakimiyyəti orqanının, Rusiya Dövlət Kitabxanasının, Tacikistan Milli Kitabxanasının, Avrasiya Kitabxanalar Assableyasının, MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (IFES) dəstəyi ilə baş tutub.

Konfransda MDB ölkələrinin kitabxanalarının rəhbərləri və mütəxəssisləri iştirak edib.

Konfransın əsas məqsədi 30 illik tərəfdaşlıq kontekstində MDB ölkələri kitabxanalarının nailiyyətlərini və təcrübələrini ümumiləşdirmək, perspektivli əməkdaşlıq strategiyaları təklif etməkdən ibarət olub.

Konfrans iki sessiyadan ibarət təşkil olunub.

Beynəlxalq konfransda Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xoloviç “MDB-yə üzv olan dövlətlərin Milli Kitabxanaları: ardıcıllıq və yeni istinadlar”, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri MDB ölkələri kontekstində”, Belarus Milli Kitabxanasının baş direktoru Oksana Yurevna Knijnikova “MDB ölkələrinin kitabxanaları peşəkar qarşılıqlı əlaqə kontekstində: Belarus Milli Kitabxanasının təcrübəsi”, Uşaqların mütaliəyə cəlb edilməsi üçün mədəni-maarif və incəsənət işçilərinin “Oxucunu maarifləndiririk” Birliyinin icraçı direktoru Lebedeva Anjela Eduardovna “MDB ölkələrinin uşaq kitabxanaları - sərhədsiz əməkdaşlıq”, Rusiya Milli Kitabxanasının Beynəlxalq fəaliyyətlər şöbəsinin müdiri Morozova Kseniya Borisovna “MDB-yə daxil olan ölkələrin Milli Kitabxanaları MDB-yə üzv dövlətlərin mədəniyyət sahəsində gələcək inteqrasiya faktoru kimi”, Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru Neryuyeva Mariya Vladimirovna “Avrasiya Kitabxanalar Assambleyası - MDB kitabxanalarının tərəfdaşlığı” və digərləri çıxış ediblər.

Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxanasını Beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təmsil edib. O, beynəlxalq konfransda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri MDB ölkələri kontekstində” mövzusunda məruzə ilə çıxış edib. O, öz çıxışında Azərbaycan Milli Kitabxanasının MDB-yə üzv ölkələrin kitabxanaları ilə apardığı elmi, mədəni və təşkilati fəaliyyətin əsas istiqamətlərindən bəhs edib. O, Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin ən əyani nümunələrindən biri olan professional beynəlxalq təşkilatlarda təmsil olunmasından, Milli Kitabxananın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olan Avrasiya Kitabxanalar Assambleyası ilə keçirilən tədbirlərdən və yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən, Azərbaycan Milli Kitabxanasının bütün MDB ölkələrinin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq barədə ikitərəfli müqavilə imzaladığından da bəhs edib.

Direktor müavini Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişlənməsində beynəlxalq kitab mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq Milli Kitabxananın dünyanın 70 ölkəsinin kitabxanası ilə beynəlxalq kitab mübadiləsi həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki,  Azərbaycan Milli Kitabxanası MDB ölkələri Milli Kitabxanaları ilə geniş kitab mübadiləsi həyata keçirir və Milli Kitabxanamız bu yolla kitabxanalara Azərbaycanın mədəniyyətinə, iqtisadiyyatına və iqtisadi uğurlarına, tarixinə, coğrafiyasına, ədəbiyyatına, ayrı-ayrı yazıçı və şairlərinə dair  ədəbiyyat göndərir.  Kitabxanalar bu əməkdaşlıq sayəsində beynəlxalq informasiya mühitinə inteqrasiya imkanları əldə etmiş olurlar.

Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat mübadilə fonduna məxsus “Salam Azərbaycan” və “Əbdürrəhman Cami. Seçilmiş əsərləri” kitablarını Tacikistan Milli Kitabxanasının fonduna bağışlayıb.

Konfrans çərçivəsində Tacikistan Milli Kitabxanası ilə  Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında və Tacikistan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.

 

 

 

 

icon

Foto qalereya