17-04-2026
17 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin müəllim və tələbə heyəti görkəmli kitabxanaşünas alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illik yubileyi münasibətilə “Kitabxanaşünas alim Elçin Əhmədov” mövzusunda təqdim olunan ənənəvi və virtual kitab sərgisi ilə tanış olmaq üçün Milli Kitabxanada olublar.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov, direktor müavini Ədibə İsmayılova, İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan və tələbələr alimin yaradıcılıq fəaliyyəti haqqında danışıb, öz ürək sözlərini söyləyiblər.
Sərgilərdə nümayiş olunan resurslar - dosent Elçin Əhmədovun elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə və universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd, müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar tələbələrin marağına səbəb olub.
Kitabxanaşünas alim Elçin Əhmədov Milli Kitabxananın kollektivinə təqdim olunan sərgilər üçün öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.