04-11-2025
Milli Kitabxanada görkəmli türkoloq-alim, dilçi, ədəbiyyatşünas, professor Elməddin Əlibəyzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Professor Elməddin Əlibəyzadə - 100” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə alimin Azərbaycan-Şumer mədəniyyəti, Şumer-Babil mədəniyyəti, Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini ədəbi abidə olan “Avesta”, “Bilqamıs” və “Dədə Qorqud” dastanları və digər məsələləri əhatə edən tədqiqat əsərləri, həyat yolu və elmi yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci il noyabr ayının 5-də Oğuz rayonunun Muxas kəndində anadan olub. Yeddiillik Oğuz natamam orta məktəbini bitirib, Şəki Pedaqoji Texnikumuna daxil olub. 1941-1943-cü illərdə Balakəndə müəllimlik fəaliyyətinə başlayıb, gənc yaşlarından İkinci Dünya müharibəsinin ağrı-acılarını yaşayıb. 1949-cu ildə ADU-nu (indiki BDU) bitirib, elmi fəaliyyətini davam etdirmək üçün aspiranturaya qəbul olunub. EA-nın Dilçilik İnstitutunda geniş elmi fəaliyyətə başlayıb.
1953-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-cı ildə Yerevan Dövlət Pedaqoji İnstitutuna işləməyə göndərilib. Xalqımızın tarixən ata-baba torpaqları olan, indi isə zorla erməni qəsbkarları tərəfindən zəbt olunmuş İrəvan, Göyçə və digər Qərbi Azərbaycan torpaqlarında yaşayan övladlarımızın bilik və bacarığını artırmaq yolunda əzmlə çalışıb. Bakıya qayıtdıqdan sonra yenidən Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirən E.Əlibəyzadə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türk Araşdırmaları Mərkəzi şöbəsinə rəhbərlik edib.
O, İslamaqədərki Azərbaycan mədəniyyəti (şumer mədəniyyəti), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini-ədəbi abidə olan “Avesta”, onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə ömrünün sonunadək məşğul olub.
Ulu Şumer Babil mədəniyyəti və Azərbaycan probleminin araşdırılması sahəsində aparılan elmi işlər, Azərbaycan elmi, mədəniyyəti tarixində qazanılmış böyük müvəffəqiyyətlər məhz Elməddin Əlibəyzadənin uğurlu fəaliyyətinin məhsuludur. Alim 300-dən çox elmi əsər, çoxlu sayda qiymətli elmi, tarixi, nəzəri kitablar yazıb. “Ədəbi şəxsiyyət və dil” (1982), “Qədim dünyamızın ulu kitabı” (1996), “Ana kitabələr” (1996), “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr)” (1998), “Nizami və tariximiz” (2004), “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları” (2007), “Azərbaycanşünaslığa giriş” (2010) və s. elmi əsərlərin müəllifidir.
Elməddin Əlibəyzadə kadr hazırlığı ilə də məşğul olub, onun rəhbərliyi altında bir neçə elmlər namizədi dissertasiya müdafiə edib, onlarla dissertasiyaya opponentlik edib.