close
icon E-kataloq və kitabxana

“Əziz Əliyev.Görkəmli elm və dövlət xadimi” kitabı Milli Kitabxanaya daxil olub

24-07-2026

Kitab görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, səhiyyə və tibb təhsilinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də İkinci Dünya müharibəsi illərində göstərdiyi xidmətlər haqqında geniş məlumat təqdim edir.

Azərbaycanın görkəmli dövlət xadimlərindən, alim, pedaqoq və həkim Əziz Əliyev XX əsr Azərbaycan tarixində mühüm iz qoymuş şəxsiyyətlərdəndir. Onun həyatı və fəaliyyəti xalqımızın mürəkkəb tarixi dövrü və İkinci Dünya müharibəsi illəri ilə sıx bağlı olmuşdur.

Əziz Əliyev 1 yanvar 1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuş, İrəvan gimnaziyasını qızıl medalla bitirmişdir. Petroqrad Hərbi Tibb Akademiyasında təhsil alsa da, 1918-ci il hadisələri səbəbindən təhsilini yarımçıq qoymuşdur. Sonradan Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirərək səhiyyə sahəsində məsul vəzifələrdə çalışmış, Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə milli tibb kadrlarının hazırlanması və Azərbaycan dilində tibbi dərsliklərin nəşri geniş vüsət almışdır.

İkinci Dünya müharibəsi illərində Şimali İranda xüsusi dövlət missiyasına rəhbərlik edən Əziz Əliyev, 1942-ci ildə Dağıstana rəhbər təyin olunaraq regionun müdafiəsinin təşkili və ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm xidmətlər göstərmişdir. 1950-ci illərdə siyasi təzyiqlərə məruz qalsa da, sonradan bəraət alaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmiş və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etmişdir.

Əziz Əliyev 27 iyul 1962-ci ildə vəfat etmişdir. Xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, iki dəfə Lenin ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər yüksək mükafatlarla təltif olunmuşdur. Onun adı bu gün də Azərbaycan və Dağıstanda elm, təhsil və səhiyyə müəssisələrində, küçələrdə və abidələrdə yaşadılır.

Əziz Əliyevin zəngin irsi dövlətə sədaqətin, yüksək peşəkarlığın və vətənpərvərliyin parlaq nümunəsi kimi Azərbaycan tarixində xüsusi yer tutur.

 

icon

Foto qalereya