close
icon E-kataloq və kitabxana

Fevral ayının 14-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Beynəlxalq kitab bağışlama günü”ilə əlaqədar tədbir keçirilib.

14-02-2019

General-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin 5 a sinif şagirdləri Açıq Kitabxananın qonağı olub, “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru prof. Kərim Tahirov çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb,bildirib ki, bugünkü  tarix kitabsevərlər üçün ən gözəl bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Direktor söyləyib ki, bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir və insanları mütəmadi mütaliəyə motivasiya etmək dünya səviyyəsində mütaliənin gələcəyinə kömək etməyin ən gözəl yoludur. Professor qeyd edib ki, illərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı maraqlanan insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə, bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

Professor məktəbli oxucuları bu gün münasibətilə təbrik etmiş, kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmağın, ömür boyu oxuma sevgisini aşılamağın mümkünlüyünü vurğulayıb, şagirdlərin kitabxananın gələcəkdə ən fəal oxucuları olacaqlarına inandığını söyləyib.

Görüşdə şagirdlər arasında mütaliənin təbliği məqsədilə onlara Kitabxana tərəfindən Azərbaycan ədəbiyyatından kitablar hədiyyə edilib, şagirdlər tərəfindən şeirlər səsləndirilib.

Müəllimə Ceyran Quliyeva burada keçirdikləri vaxtdan çox məmnun qalan şagirdlər adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı  – “Delightful Children's”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.
 

icon

Foto qalereya