close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət xadimlərinin dialoqu: 30 illik uğurlu əməkdaşlıq” mövzusunda forumda iştirak edib

05-12-2022

Dekabrın 5-də  Milli Kitabxana “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət xadimlərinin dialoqu: 30 illik uğurlu əməkdaşlıq” mövzusunda forumda iştirak edib.

Məlumat üçün bildirək ki, 4-6 dekabr tarixlərində ölkəmizdə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rus Kitab Evinin təşkilatçılığı ilə “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət xadimlərinin dialoqu: 30 illik uğurlu əməkdaşlıq” mövzusunda forum keçirilir.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov forumda məruzə ilə çıxış edib. O, Azərbaycan ilə Rusiya arasındakı mədəni əlaqələrin tarixindən danışaraq, Milli Kitabxananın Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq, informasiya, təcrübə mübadiləsi etdiyini vurğulayıb. Bildirib ki, Milli Kitabxana dünyanın 60-a yaxın ölkəsi ilə beynəlxalq kitab mübadiləsi işini həyata keçirir, kitabxananın Beynəlxalq Əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə və s. aid ədəbiyyatlar nümayiş olunur. Həmçinin, direktor bu il ölkəmizdə təşkil olunan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisindən, Milli Kitabxananın sərgi çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. Vuğulayıb ki, gələn Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi olacaq, yubiley çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) növbəti iclası Bakıda keçiriləcək.

Qeyd edək ki, forumda muzey, teatr, kino, kitabxana və digər mədəniyyət sahələrində ikitərəfli tarixi və müasir əlaqələr haqqında çıxışlar olub.