close
icon E-kataloq və kitabxana

Fransa Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pierre Antoine Ferracin və Mədəniyyət şöbəsinin əməkdaşı Turanə İsayeva Azərbaycan Milli Kitabxanasında olublar

28-07-2023

İyul ayının 28-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pierre Antoine Ferracin və Mədəniyyət şöbəsinin əməkdaşı Turanə İsayeva Azərbaycan Milli Kitabxanasında olublar.

        Görüş zamanı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlamış, onlara Azərbaycan Milli Kitabxanası haqqında məlumat vermişdir. Milli Kitabxananın direktoru Azərbaycan ədəbiyyatına aid əlyazmaların Fransa Milli Kitabxanasının fondunda qorunub saxlanılmasından böyük məmnunluq hissi duyduğunu qeyd etmişdir. O, Azərbaycan Milli Kitabxanası ilə Fransa Milli Kitabxanası arasında gələcəkdə beynəlxalq kitab mübadiləsi işini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamaq fikrini qonaqların diqqətinə çatdırmışdır. Kərim Tahirov Azərbaycan Milli Kitabxanası ilə Fransa Milli Kitabxanası arasında beynəlxalq əlaqələrin inkişafı məqsədilə kitabxanalarda daimi guşələrin yaradılması fikrini irəli sürmüş, attaşe bununla Azərbaycanın Fransada daha geniş tanınması fikrini təsdiqləmiş və bunun səfirlik vasitəsilə həyata keçirilməsinə çalışacaqlarını qeyd etmişdir.  2023-cü ildə Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunacağı da qonaqların nəzərinə çatdırılmışdır.

       Söhbət zamanı attaşe Azərbaycan Milli Kitabxanasında olmasından məmnun olduğunu, Azərbaycan Milli Kitabxanasının fondunda Fransaya aid kitabların mövcud olduğunu sevinc hissi ilə qeyd etmişdir.

      Sonra qonaqlar Milli Kitabxana ilə tanış olmuşlar. Onlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Tələbə gənclərə xidmət zalı”, “Dövri mətbuat zalı”, “Xarici ədəbiyyat oxu zalı”, “Uşaq bölməsi”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələri, Açıq kitabxana, onlayn və elektron informasiya xidmətləri ilə tanış olmuşlar.

        Görüşün sonunda professor Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Salam Azərbaycan”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını, “Azərbaycanın xəritəsini” təqdim etmişdir.

icon

Foto qalereya