close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Kamal Talıbzadə-100” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

15-08-2023

        Bu il Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 100 illik yubileyi qeyd olunur.

        Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ailəsində dünyaya gəlmişdir.

        O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. 1945-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunda elmi fəaliyyətə başlamışdır. Kamal Talıbzadə müxtəlif illərdə institutun şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq “Abbas Səhhətin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmiş, 1949-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1972-ci ildə o, professor elmi adı almışdır. Kamal Talıbzadə Azərbaycan Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olmuşdur.

        Ədəbiyyatşünaslıq elminin bir çox istiqa­mət­lərinin, xüsusilə ədəbi tən­qidin tarixi və nəzəri sahələrinin yaranması və inkişafı Kamal Talıbzadənin adı ilə bağlıdır. Kamal Talıbzadə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

        Elmi işindəki müvəffəqiyyətlərinə görə alim “Əməkdə fərqlənməyə gö­rə” medalı, “Şöhrət” orden ilə təltif edilmişdir.

        Akademik Kamal Talıbzadə 2006-cı il yanvarın 20-də Ba­kıda vəfat etmiş, Fəxri xiya­banda dəfn edil­mişdir.

        Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kamal Talıbzadə-100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Kamal Talıbzadə haqqında kitab və məqalələr, müəllifi, tərtibçisi və redaktoru olduğu kitablar nümayiş olunur.

        Virtual sərgi ilə tanış olmaq istəyənlər   http://anl.az/el/vsb/Kamal_Talibzade/index.htm linkindən istifadə edə bilər.