close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

12-11-2021

Noyabr ayının 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 illik yubileyi tamam olur.

Zəhmətkeş alim həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış alim, görkəmli kitabxanaşünas kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmiş və 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Görkəmli professor dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

K.Tahirov kitablarla bağlı şərəfli bir ömür yaşamış alimdir. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və onun baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu müddətdən etibarən Milli Kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyişlər baş vermişdir. Bunun bariz nümunəsi kimi bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Qısa zaman kəsiyində beynəlxalq səviyyədə işlər görmək, Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan kitabını təbliğ etmək yalnız yüksək peşəkarlıq, düzgün təşkilatçılıq, idarəçilik qabiliyyəti, böyük təcrübə və zəhmət sayəsində mümkündür.

Prof. Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

Kərim Tahirov bir sıra layihələrin – “Milli - mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. rəhbəri olmuşdur.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur. 

Görkəmli kitabxanaşünas alimin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası (http://anl.az/el/emb/K.Tahirov/index.html) və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi (http://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm) hazırlanıb. Təqdim olunan virtual sərgidə rəsmi sənədlər, professor Kərim Tahirovun müəllifi, redaktoru, tərtibçisi, layihə rəhbəri olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri, mükafatları, fotolar nümayiş olunur. Həmçinin, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli kitabxanaşünas alimlər Kərim Tahirov haqqında”, “Layihələri”, “Əsərləri”, “Haqqında məqalələr”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrdən ibarətdir.

Azərbaycan Milli Kitabxanasının kollektivi dəyərli аlim, pеdаqоq-müəllim, təcrübəli rəhbər, fəаl ictimаi хаdim, professor Kərim Tahirovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

icon

Foto qalereya