close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Latviyanın Riqa şəhərində keçirilən “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpoziumda iştirak edib

12-09-2022

Sentyabrın 12-də Latviyanın Riqa şəhərində “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun  universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpozium keçirilib.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri cənab Elnur Sultanov açaraq ilk öncə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb. 

Sonra Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukāne giriş nitqi ilə çıxış edib.

Simpoziumda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” mövzusunda ingilis dilində məruzə ilə çıxış etmişdir.

O, çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı qədim və zəngin ədəbiyyata və mədəniyyətə malikdir və bu ədəbiyyatın görkəmli nümayəndələrindən biri də XII əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Ə.İsmayılova ilk öncə iştirakçılara böyük mütəfəkkir Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verərək, onun dünyaca məşhur “Xəmsə”sinə daxil olan poemalarında ümumbəşəri dəyərlərin, haqq və ədalətin, insanlar arasında dostluğun və əməksevərliyin təcəssümünün geniş yer aldığını, şairin ədəbi irsinin təməlində  humanizm, ədalətli cəmiyyət və dövlət, insanın hüquq və azadlıqları, insanlar və xalqlar arasında dostluq münasibətlərinin təcəssümünün təşkil etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Ə.İsmayılova qeyd edib ki, ötən il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olmuşdur. Dahi şairin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2021-ci ili bütövlükdə “Nizami Gəncəvi İli” elan etmişdir və il boyu həm ölkəmizdə, həm də xarici ölkələrdə böyük şairin yaradıcılığının və ideyalarının təbliği məqsədilə çoxlu sayda tədbirlər – elmi konfranslar, kitab sərgiləri və təqdimatları, simpoziumlar, ədəbi-bədii məclislər və digər tədbirlər keçirilmişdir.

Çıxışının davamında natiq, “Nizami Gəncəvi ili” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qaytarılması” layihəsi çərçivəsində dünya milli kitabxanalarında qorunan Azərbaycan ədəbiyyatı klassiklərinə məxsus əlyazmaların rəqəmsal nüsxələrinin ölkəyə gətirilməsi istiqamətində mühüm işlər görüb. Əldə edilən əlyazma surətləri əsasında kitabxananın əməkdaşları tərəfindən elektron məlumat bazaları hazırlanıb. Bu cür məlumat bazalarını yaradarkən kitabxana mütəxəssisləri təkcə kitabxananın fondunda olan sənədlərdən deyil, digər kitabxanaların və internet resurslarının materiallarından da (təbii ki, müəlliflik hüququ şərtləri daxilində) istifadə edirlər. Sonra o, “Nizami Ganjavi’s heritage in world libraries” adlı Elektron məlumat bazasını tədbir iştirakçılarına nümayiş edib. Qeyd edib ki, Elektron məlumat bazasında Nizami Gəncəvinin “Xəmsə”sinin 155 nüsxəsi toplanıb. Bu əlyazmaların elektron nüsxələri Nizami ilində Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Çexiya, Rusiya və Qazaxıstanın kitabxana və muzeylərindən Milli Kitabxanaya daxil olmuşdur. Və o, elektron baza üzərindən iştirakçıları Britaniya, Türkiyə, Çexiya, Fransa kitabxanalarından, eləcə də Tehran vəMancester Universitet kitabxanalarından əldə edilən nüsxələrlə əyani şəkildə tanış etmişdir. Çıxışının sonunda Ə.İsmayılova Milli Kitabxananın yubiley hədiyyəsi kimi nəşr etdiyi və 8 minə yaxın məxəzi özündə əks etdirən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını da tədbir iştirakçılarına təqdim edib.

Tədbirin davamında Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins “Nizaminin elm və fəlsəfə kontekstində rolu” mövzusunda; Jazeps Vitols adına Latviya Musiqi Akademiyasının musiqişünaslıq kafedrasının professoru Boriss Avramecs “Musiqidə Nizami” mövzusunda; texnika elmləri doktoru, professor Nigar Sultanova “Nizami poemalarının filoloji tərcüməsinin subtletləri” mövzusunda və digərləri çıxış ediblər.

Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə fondundan “Nizami Gəncəvi. Xəmsə”, “Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami” (Azərbaycan və ərəb dillərində), “Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu (yunan dilində)”, “Nizami Gəncəvi. Biblioqrafiya”,“Р.Аббаслы. Низами Гянджеви Тюркский Поэт” adlı kitabları və “Sözləri Nizaminindir” adlı disk albomunu Latviya Milli Kitabxanasının fonduna hədiyyə etmişdir.

icon

Foto qalereya