close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycanın xalq şairi Məmməd Araz – 90” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edildi

13-10-2023

     Bu il Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur.

Çağdaş milli şeirimizin dəyərli poetik nümunələrini yaradan ustad Məmməd Arazın bədii irsində vətən müqəddəsliyi, xalq məhəbbəti özünəməxsus yer tutur. Məmməd Araz milli istiqlal ideyasını təbliğ edən önəmli simalarından biri olmuşdu. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynamışdı. Xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi.

Məmməd Arazın 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın xalq şairi Məmməd Araz – 90” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Məmməd Araz haqqında”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Sözləri Məmməd Arazındır”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib.

  Elektron məlumat bazasında həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, Xalq şairi Məmməd Arazın radio çıxışı, həyat və fəaliyyətini əks etdirən fotolar və  digər sənədlər də verilmişdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyən http://anl.az/el/emb/M.Araz/index.html linkindən istifadə edə bilər.

Həmçinin Milli Kitabxanada “Xalq şairi Məmməd Araz – 90” adlı ənənəvi kitab sərgisi açılmışdır. Sərgi 1 həftə davam edəcəkdir.