close
icon E-kataloq və kitabxana

Mərakeş Milli Kitabxanasının direktoru cənab Driss Khrouz Azərbaycan Milli Kitabxanasında olmuşdur

06-04-2015

Mərakeş Milli Kitabxanasının direktoru cənab Driss Khrouz aprel ayının 6-da Azərbaycan Milli Kitabxanasında olmuşdur. Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Hami də iştirak etmişdir.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirovla tanış olan prof. Driss Khrouz Azərbaycana səfərindən məmnunluq duyduğunu söyləmiş, elm, mədəniyyət ocağında görüşmək imkanına şəarit yaratdığı üçün cənab səfirə minnətdarlığını  bildirmişdir.

Azərbaycan Milli Kitabxanası haqqında ətraflı məlumat verən Kərim Tahirov Milli Kitabxananın fəaliyyətindən, nailiyyətlərindən, uğurlarından, beynəlxalq əlaqələrindən, beynəlxalq təşkilatlara üzvlükdən danışmış,  sabah Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında imzalanacaq üçtərəfli Əməkdaşlıq Memorandumunun beynəlxalq əlaqələrin qurulmasına zəmin yaradacağını, Misir və İordaniyadan sonra Ərəb ölkələri arasında Mərakeşin 3 ölkə olduğunu vurğulayan Tahirov bu Memorandumla çox uğurlu əməkdaşlığa imza qoyulacağını bildirmişdir. Memorandumun şərtlərinə müvafiq olaraq kitab və biblioqrafik resurs mübadiləsinin, təcrübə mübadiləsinin, stajorluq, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsinin mümkünlüyünü qeyd etmişdir. Mərakeşə aid Azərbaycan Milli Kitabxanasında çox az ədəbiyyatın mühafizə olunduğunu qeyd edən direktor növbəti tədbirdə zəngin ədəbiyyatdan ibarət sərginin təşkil olunacağına əminliyini bildirmişdir.

O, cənab D.Khrouzun Azərbaycandan xoş təssüratlarla ayrılacağına əmin olduğunu söyləmişdir.

Cənab Driss Khrouz Mərakeş Milli Kitabxanası haqqında qısa məlumat vermiş, MMK-nın da həmçinin yeni texnologiyalardan istifadə etdiyini, fondun yarısının artıq rəqəmsallaşdığını bildirmişdir. MMK-nın bütün nəşrlərdən 4 məcburi nüsxə aldığını qeyd edən cənab Khrouz 1 nüsxəsini  Azərbaycana göndərə biləcəyini qeyd etmişdir. MMK-nın fondunda həmçinin əlyazmaların qorunduğunu, 36 mindən artıq əlyazmanın mövcudluğunu söyləmişdir. Cənab direktor öz həmkarını Mərakeş Milli Kitabxanası ilə tanış olmağa dəvət etmişdir.