close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mikayıl Abdullayev – 100” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

20-10-2021

2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Mikayıl Abdullayev – 100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə rəsmi sənəd, görkəmli Azərbaycan rəssamının əsərləri, həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mikayil_Abdullayev_100/index.htm linkindən istifadə edə bilərlər.